Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycanın işğal altındakı ərazilərindən təbii sərvətlərin, mal və xidmətlərin Ermənistan tərəfindən istismar olunaraq Avropaya satılmasının qarşısını almalıdır. Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
"Azərbaycanın işğal altındakı ərazilərindən təbii sərvətlər, mal və xidmətlər Aİ ölkələrinin bazarlarına çıxarılır. Aİ beynəlxalq öhdəliklərə əsasən müvafiq qaydaların pozulmasına yol verməməlidir”, - deyə o, bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında bildirib.
Nazir müavininin sözlərinə görə, fərdi və hüquqi şəxslər tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulmasına şərait yaradılmamalıdır.“Aİ-dən olan şirkətlər, onların filialları və törəmə şirkətləri Dağlıq Qarabağ və ətraf ərazilərdə fəaliyyət göstərir. Onlar Azərbaycan qanunvericiliyini pozmuş sayılırlar. Mənşə ölkə kimi həmin mallarda Ermənistan göstərilir. Təklif edirik ki, İşçi Qrup yaradılsın və bu məsələlər hüquqi müstəvidə həllini tapsın”, - deyə M.Məmmədquliyev qeyd edib.
O, Aİ və Azərbaycan arasında əməkdaşlığın inkişafının vacibliyini də vurğulayıb.*
F.İsazadə