«Polad Texno» MMC «Sumqayıt Superfosfat» ASC-nin inkişafına 64 mln. manat investisiya yatıracaq. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) məlumatıında deyilir.
«Polad Texno» MMC superfosfat gübrəsi və digər kimyəvi maddələrin istehsalı ilə məşğul olan “Sumqayıt Superfosfat” ASC-nin səhmlərinin 99,83%-nin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.
“Müsabiqədə iştirak etmək üçün iki iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilib. Müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflərə baxıldıqdan sonra “Polad Texno” MMC “Sumqayıt Superfosfat” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib. Qalib şirkət müəssisənin fəaliyyətinin bərpasına 64 mln manat məbləğində sərmayə yatırmağı üzərinə götürüb”, - deyə məlumatda bildirilir.
Vəsaitlər yeni zavodun tikintisinə yönəldiləcək. Artıq İtaliyanın bu sahədə ixtisaslaşmış şikətləri ilə danışıqlar aparılıb və 18 ay ərzində yeni zavodun qurulması barədə ilkin razılaşma əldə edilib.
Bundan başqa, müsabiqə qalibi müəssisənin səhmlərinə görə dövlət büdcəsinə 8 mln. manat məbləğində pul vəsaiti köçürəcək.
“Sumqayıt Superfosfat” SC Sumqayıt şəhərində yerləşir və 1956-cı ildə işə salınıb. Müəssisə xlorid turşusu, akkumulyator turşusu, superfosfat gübrəsi və digər kimyəvi maddələrin istehsalı və satışı ilə məşğuldur. SC-də 251 nəfər çalışır.*
B.Rüstəmbəyov