Azərbaycan Ermənistanla əməkdaşlığa yalnız o şərtlə hazırdır ki, Dağlıq Qarabağ münaqişəsi həll olunsun və Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılsın. Bunu Milli Məclisin sədrinin I müavini Ziyafət Əsgərov deyib.
"Biz istəyrik ki, sülh olsun, əməkdaşlıq edək, amma torpaqlar azad edilsin, Ermənistan qoşunları işğal olunmuş ərazilərdən, o cümlədən Dağlıq Qarabağdan çıxarılsın. Biz istəyirik ki, regionumuz inkişaf etsin”, – deyə o, bu gün Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasında bildirib.
Z.Əsgərovun sözlərinə görə, erməni xalqı Serj Sarkisyanın yürütdüyü işğalçı siyasətin girovuna çevrilib. Aİ və Avropa Parlamenti ikili standartlar siyasəti yürüdür. Ukrayna ilə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq olunsa da, Ermənistana sanksiyalar tətbiq edilmir.
I vitse-spiker əlavə edib ki, hazırda Avropada satılan narkotik vasitələrin əksəriyyəti işğal altındakı ərazilərdə yetişdirilir. “Bu, təkcə Azərbaycanın deyil, hamının problemidir”, - deyə o vurğulayıb.
Z.Əsgərov qeyd edib ki, Azərbaycan Aİ-dən ədalət gözləyir. “Heç olmasa, Ermənistan-Azərbaycan münaqişəsinə münasibət bildirin. Təcavüzkara belə münasibət nədən irəli gəlir?”, - deyə o söyləyib.*
F.İsazadə