Dağlıq Qarabağ regionu həmişə Azərbaycanın ayrılmaz hissəsidir. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib.
“Müvəqqəti işğal altında olan Dağlıq Qarabağ regionu həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaq. Beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini birmənalı və qəti şəkildə dəstəkləyir və hörmət edir”, - Dağlıq Qarabağın qədim Şuşa şəhərinin işğalının 26 illiyi ilə bağlı H.Hacıyevin bəyanatında deyilir.
O qeyd edib ki, Şuşa şəhərinin azərbaycanlı sakinləri öz tarixi şəhərlərinə mütləq qayıdacaqlar və “Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini təmin edəcək”
XİN rəsmisi əlavə edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.
“Bundan başqa, ermənilər Şuşada Azərbaycan xalqımna məxsus maddi-mədəniyyət və dini, tarixi abidələri dağıdıblar. BMT-nin Təhlükəsizlik Şurası öz qətnamələrində Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiq edib və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib”, - bətyanatda vurğulanır. **
A.Əzizov