Azərbaycanın gömrük orqanları külli miqdarda brilyant qaşın ölkəyə gətirilməsi cəhdinin qarşısını alıb. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.
“Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı "yaşıl dəhliz" buraxılış sistemindən istifadə etməklə gömrük sərhədindən keçirmək istəyərkən gömrük əməkdaşı tərəfindən saxlanılıb və "qırmızı dəhliz"ə yönləndirilib. Vətəndaşın çamadanına rentgen aparatı ilə baxış zamanı monitorda əks olunan təsvirlərə əsasən, çamadandakı 1 cüt ayaqqabının hər tayının uc hissəsində gömrük nəzarətindən gizlədilmiş malların olması barədə əsaslı şübhələr yaranıb. Bundan sonra şəxsi əşyaların arasında olan 1 cüt kişi ayaqqabısı çamadandan çıxarılıb və hər tayının daxilində həqiqətən polietilen bükümlər gizlədildiyi müəyyən edilib. Nəticədə çamadanda olan 1 cüt kişi ayaqqabısının hər tayının uc hissəsinə qoyularaq, gömrük nəzarətindən gizlədilmiş cəmi 26 ədəd bükümdə müxtəlif həcmli və formalı qaşlar aşkarlanıb”, - deyə məlumatda bildirilir.
Ekspert arayışına əsasən, aşkar edilən predmetlər ümumi kütləsi 1886,87 karat (377,374 qram) olan brilyant qaşlardır.
Faktla bağlı araşdırma aparılır.*
N.Abbasova