Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqının (Aİ) yardımına ümid edir. Bunu Xarici İşlər Nazirliyinin nümayəndəsi, səfir Kamil Xasıyev deyib.
"Azərbaycan gözləyir ki, Aİ-nin digər işğal olunmuş ərazilərdə tətbiq etdiyi normalar Azərbaycanın işğal olunmuş ərazilərində də tətbiq olunsun. Aİişğal olunmuş ərazilərdə qanunsuz ticarət və digər əməliyyatların həyata keçirilməsinin qarşısını ala bilər”, - deyə o, bu gün Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasında bildirib.
Səfirin sözlərinə görə, Ermənistan status-kvonun saxlanması məqsədilə suriyalı qaçqınları işğal olunmuş ərazilərdə məskunlaşdırmağa davam edir. Bu isə azərbaycanlı məcburi köçkünlərin gələcəkdə öz torpaqlarına qayıtmasına mane olacaq.
K.Xasıyev vurğulayıb ki, Azərbaycan münaqişənin həlli üçün sülh danışıqlarının davam etdirilməsinə tərəfdardır. “Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi onun bu torpaqları işğal altında saxlamaq arzusunda olduğunu təsdiq edir”, - deyə o əlavə edib.*
F.İsazadə