Bakı Romaya Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İtaliya şirkətlərinin qeyri-qanuni fəaliyyətinin və Qarabağa icazəsiz səfərlərin qarşısını almağı təklif edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Mayın 8-də Azərbaycan Respublikasının və İtaliya Respublikasının Xarici İşlər nazirlikləri arasında ikinci konsulluq məsləhətləşmələri keçirilib. Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan İtaliya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.
“Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi, səfir Faiq Bağırov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə danışıb, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb. Həmçinin Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərinə Azərbaycan Hökumətinin razılığı olmadan icazəsiz səfərlərin və qeyri-qanuni iqtisadi və digər növ fəaliyyətlərin qarşısının alınması üçün İtaliya Respublikası səlahiyyətli dövlət orqanları tərəfindən zəruri tədbirlərin görülməsi ilə bağlı müzakirələr aparılıb”, - deyə məlumatda bildirilir.
Məsləhətləşmələr zamanı, həmçinin yeni sazişlərin imzalanması imkanları da nəzərdən keçirilib.
"Tərəflər İtaliya və Azərbaycan arasında təhsil sahəsində əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov