2-3 iyul tarixlərində BuxarestdəAzərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın növbəti iclası keçiriləcək.
“İqtisadiyyat naziri Şahin Mustafayev Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə görüşüb. Görüşdə Müştərək Komissiyanın 5-ci iclasının və növbəti Azərbaycan-Rumıniya biznes forumunun 2-3 iyul tarixlərində Buxarestdə keçirilməsi barədə razılığa gəlinib”, - İqtisadiyyat Nazirliyindən məlumat verilir.
Ş.Mustafayev Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsinin 2017-ci ildə 70%, 2018-ci ilin ilk 3 ayında isə 3 dəfə artdığını vurğulayıb.
İqtisadiyyat naziri sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
D.İanku qeyd edib ki, Rumıniya Şərq-Qərb nəqliyyat dəhlizi ilə yükdaşımalarda maraqlıdır. O həmçinin, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycanda yeraltı qaz anbarlarının tikintisində ölkəsinin maraqlı olduğunu bildirib.Vurğulayıb ki, Rumıniya kiçik və orta sahibkarlıq, qida təhlükəsizliyi sahəsində böyük təcrübəyə malikdir və bu təcrübəsini Azərbaycanla bölüşə, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq edə bilər.
Müştərək Komissiyanın son iclası 2009-cu ilin iyul ayında Bakıda keçirilib. **
A.Əzizov