Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensial var. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
Prezident İlham Əliyev mayın 9-da “DP World” şirkətinin prezidenti Sultan Əhməd bin Sulaimi qəbul edib.
“İ.Əliyev Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransının Bakıda keçirilməsinin önəmini qeyd edib və bunu beynəlxalq nəqliyyat daşımalarında ölkəmizin rolunun artmasının göstəricisi kimi dəyərləndirib”, - deyə məlumatda bildirilir.
Dövlət başçısı nəqliyyat infrastrukturu sahəsində Azərbaycanın son illər böyük uğurlar qazandığını deyib. O, digər sahələrdə olduğu kimi, ölkəmizdə turizmin inkişaf etdirilməsi sahəsində də ardıcıl addımların atıldığını, Azərbaycana müxtəlif ölkələrdən, o cümlədən Birləşmiş Ərəb Əmirliklərindən gələn qonaqların sayının durmadan artdığını qeyd edib.
Beynəlxalq Limanlar Assosiasiyasının Bakıda keçirilən illik konfransında iştirakından məmnunluğunu ifadə edən Sultan Əhməd bin Sulaim bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu və beynəlxalq əməkdaşlıq işinə mühüm töhfə verdiyini vurğulayıb.
“Söhbət zamanı Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova