Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Ports and Harbours, IAPH) illik konfransı 2019-cu ildə Çində təşkil ediləcək. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
Prezident İlham Əliyev mayın 9-da Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti Santiaqo Qarsia Milanı qəbul edib.
“S.Mila Beynəlxalq Limanlar Assosiasiyasının Bakıda keçirilən illik konfransında iştirakından böyük məmnunluq hissi keçirdiyini qeyd edərək tədbirdə 65 ölkədən 400-dən artıq nümayəndənin iştirakının böyük önəm daşıdığını vurğulayıb. O bildirib ki, bu nümayəndələr Beynəlxalq Limanlar Assosiasiyasına üzv olan və dünyanın dəniz yük daşımalarının təxminən 70 faizini əhatə edən limanları təmsil edirlər. S.Mila Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransının Bakıda keçirilməsinin əlamətdar hadisə olduğunu və tədbirin gələn il Çində təşkil ediləcəyini deyib”, - deyə məlumatda bildirilir.
Bakının artıq beynəlxalq ticarət qovşağına çevrildiyini deyən qonaq böyük İpək yolu, “Bir kəmər, bir yol” layihələrində Azərbaycanın önəmli rol oynayacağına ümidvar olduğunu söyləyib.
Azərbaycanın artıq beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrildiyini vurğulayan prezident İ.Əliyev ölkəmizin coğrafi mövqeyinin bu işdə rolunu qeyd edib və bunun həm də Azərbaycanda müasir nəqliyyat infrastrukturuna qoyulan böyük həcmdə investisiyanın nəticəsi olduğunu bildirib. Nəqliyyat infrastrukturunun bu gün Azərbaycanda çox yüksək səviyyədə olduğunu bildirən İ.Əliyev Yeni Bakı Limanının birinci fazasının tam şəkildə yaxın zamanlarda başa çatacağını diqqətə çatdırıb.*
N.Abbasova