Amerikanın Meyn ştatının Portlend şəhərinin meri İtan Strimlinq (Ethan Strimling) 2018-ci il mayın 28-ni Azərbaycan Milli Günü elan edib.
“Amerikanın Meyn ştatının ən böyük şəhəri və Kamberlend dairəsinin inzibati mərkəzi olan Portlend şəhərinin meri İtan Strimlinq (Ethan Strimling) Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar rəsmi bəyannamə imzalayıb”, - deyə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir.
Sənəddə qeyd edilir ki, Azərbaycan son 25 il ərzində öz suverenliyini və müstəqilliyini möhkəmləndirib və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.
Eyni zamanda, sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyi uğrunda mübarizə aparmasına baxmayaraq, 1920-ci ildə keçmiş Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə öz müstəqilliyini bərpa etdiyi vurğulanır.
Portlend Meyn ştatının ən böyük şəhəri və Kamberlend dairəsinin inzibati mərkəzidir.*
F.İsazadə