2018-ci ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $5 mlrd. 780 mln. gəlir əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-aprel aylarında ARDNF “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $1 mlrd. 960 mln. gəlir əldə edib.
Beləliklə, hesabat dövründə fonda analoji daxilolmaların həcmi 44% artıb.
“Ümumilikdə 2001-ci ildən 2018-ci il mayın 1-nə qədər ARDNF-ə AÇG blokundan hasil edilmiş mənfəət neftinin satışından $131 mlrd. 309 mln. məbləğində vəsait daxil olub”, - məlumatda bildirilir.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
N.Abbasova