Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində iş praktiki olaraq başa çatıb, sənəd cari ilin payızında Qazaxıstanda dövlət başçıların sammitində imzalana bilər. Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Konvensiya üzərində iş praktiki olaraq başa çatıb. Ümidvarıq ki, bu il payızın əvvəllərində Xəzəryanı dövlətlərin prezidentlərinin sammiti baş tutacaq və bu sənəd imzalanacaq”, - X.Xələfov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Xəzərin hüquqi statusu üzrə işçi qrupunun görüşü avqustun 20-dan sonra keçiriləcək. Bundan sonra Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin sammiti baş tutacaq.
X.Xələfov vurğulayıb ki, Bakı dövlət başçılarının sammitinin səmərəliliyinə inanır. “Bütün ölkələr Konvensiyanın imzalanmasına siyasi iradə ifadə edirlər”, - o əlavə edib.
Nazir müavini bildirib ki, hazırda Konvensiyanın mətninin razılaşdırılmasından başqa profil sazişlər üzərində iş aparılır ki, onların əksəriyyəti artıq razılaşdırılıb. **
F.İsazadə