2018-ci ilin yanvar-aprel aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 10 mlrd. 888,8 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 5 mlrd. 466,1 mln. manat (2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə artım 1,9%), qeyri-ərzaq mallarının alınmasına 5 mlrd. 422,7 mln. manat (artım 3,1%) sərf olunub.
Cari ilin yanvar-aprel aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,2%-i ərzaq məhsullarının, 5%-i içkilər və tütün məmulatlarının, 17,7%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,8%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Ticarət şəbəkəsində bir ölkə sakini yanvar-aprel aylarında 139,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.*
N.Abbasova