Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov ekoloji və aqrar turizmin perspektiv inkişaf məsələlərini müzakirə ediblər.
“Görüşdə həmsöhbətlər ölkəmizin turizm sənayesinin, o cümlədən ekoloji və aqrar turizmin mövcud vəziyyəti və perspektiv inkişaf məsələlərini müzakirə, gələcək əməkdaşlıq istiqamətlərini müəyyən ediblər”, - AzTA-nın məlumatında deyilir.
M.Babayev təmsil etdiyi qurumun fəaliyyətində yeni yanaşmaların tətbiq ediləcəyini, əsasən də özəl sektorun iştirakçılarına xüsusi önəm veriləcəyini qeyd edib. “Nazirlik artıq bu istiqamətdə işlər görür, özəl sektor nümayəndələri ilə görüşlər keçirir”, - nazir bildirib.
O, turizm sahəsində fəaliyyət göstərən sahibkarlara əlavə dəstəyin göstərilməsi barədə AzTA tərəfindən təkliflərin hazırlanmasını təklif edib.
N.Bağırov turizm sahəsində son illər əldə olunmuş nailiyyətlərdə özəl sektorun rolundan və bu sahənin inkişafında verilə biləcək töhfələrdən bəhs edib. O, turizm sektoruna dövlət tərəfindən əlavə dəstəyin vacibliyini də qeyd edib. **
F.İsazadə