Mayın 10-dan etibarən Azərbaycan Respublikası ilə İran İslam Respublikası sərhədində yerləşən Astara, Biləsuvar və Culfa gömrük-sərhəd buraxılış məntəqələri 24 saatlıq iş rejimində fəaliyyət göstərməyə başlayıb. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
Bu barədə hər iki ölkənin sərhəd və gömrük xidmətlərinin nümayəndələri arasında keçirilən görüşdə razılaşma əldə olunub.
“Beləliklə, bundan sonra adı çəkilən gömrük-sərhəd buraxılış məntəqələrindən sərnişinlərin, yük və minik avtomobillərinin 24 saat keçidi təmin olunacaq. Bu, hər iki ölkə arasında ticarətin daha da surətli inkişafına, Şimal-Cənub tranzit dəhlizinin sutka ərzində fəaliyyət göstərməsinə, vətəndaşların gediş-gəlişində sıxlığın aradan qaldırılmasına xidmət edəcək”, - məlumatda deyilir.
Həmçinin qeyd olunur ki, bununla bağlı sərhəd və gömrük xidməti sahələrində infrastruktur yenilənib və infrastrukturun daha da genişləndirilməsi planlaşdırılır. Eyni zamanda, gömrük orqanlarında idarəetmə strukturunda dəyişikliklər olacaq. **
B.Rüstəmbəyov