Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycan torpaqlarının işğaldan azad olunması məqsədilə Ermənistandakıı yeni hakimiyətdən real addımlar gözləyir. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
“Serj Sarkisyan (Ermənistanın sabiq prezidenti -İF) rejiminin siyasəti, o cümlədən Azərbaycan ərazilərinin işğalı Ermənistanın bugünkü böhranının əsas səbəbidir. Yeni Ermənistan hakimiyyəti əvvəlki rejimin siyasətini davan etdirəcəksə, yəqin ki, onları da eyni aqibət gözləyir”, - H.Hacıyev Ermənistan XİN-nin rəsmisi Tiqran Balayanın bəyanatını şərh edərkən bildirib. T.Balayan qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağı işğal etmək cəhdi müvəffəqiyyətsiz olacaq.
H.Hacıyev əlavə edib ki, bu bəyanatla T.Balayan Ermənistandakı yeni siyasi hakimiyyətdə vəzifə almağa ümid edir.
“Bu gün Azərbaycan regionda lider qüvvədir”, - H.Hacıyev əlavə edib.
Dünən Azərbaycan prezidenti İlham Əliyev Ermənistan hakimiyyətini Azərbaycan torpağında ikinci erməni dövləti yaradılması illüziyasından imtina etməyə çağırıb
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır.Münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir”, - İ.Əliyev bildirib. Prezident əmindir ki, gün gələcək və Azərbaycan bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada və Xankəndidə qaldırılacaq. **
F.İsazadə