2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 15 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,8% artıb, neft sektorunda isə 0,6% azalıb.
Yanvar-aprel aylarında məhsulun 73%-i mədənçıxarma bölməsində, 21,9%-i emal bölməsində, 4,5%-i elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Emal sektorunda qoşqu və yarımqoşu istehsalı 8,8 dəfə, tütün məmulatlarının istehsalı 2,7 dəfə, hazır metal məmulatlarının istehsalı 2,2%, poliqrafiya məhsullarının istehsalı 2,2%, mebel istehsalı 2 dəfə, elektrik avadanlıqlarının istehsalı 98,5%, dəri və dəri məmulatlarının istehsalı 91,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 62,6%, tikinti materiallarının istehsalı 37,8%, metallurgiya məmulatlarının istehsalı 14,2%, geyim istehsalı 12%, kimya sənayesi məhsullarının istehsalı 1,6%, ağacın emalı və ağacdan məmulatların istehsalı 1,1% artıb.
Hesabat dövründə qida məhsullarının istehsalı 5,1%, içkilərin istehsalı 3,6%, maşın və avadanlıqların istehsalı 5,6%, kompüter və elektron, optik məhsulların istehsalı 6,1%, əczaçılıq məhsullarının istehsalı 22%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 22,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 44,9%, sair nəqliyyat vasitələrinin istehsalı 64% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə1,7% azalıb.
2017-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 39,6 mlrd. manat təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 3,4% azdır. **
N.Abbasova