Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin yanvar-aprel ayları ərzində 1 mln. 239 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 15% çoxdur. Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin məlumatında deyilir.
“Hesabat dövründə AZAL-ın payına 495 min sərnişin, milli loukoster “Buta Airways”in (2017-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb) payına isə 139 min sərnişin düşüb”, - deyə məlumatda bildirilir.
Yanvar-aprel aylarında 1 mln. 66 min sərnişin (sərnişin dövriyyəsinin 86%-i) beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq reyslərin 30%-i AZAL-ın, 13%-i isə “Buta Airways”in payına düşüb.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan artıq aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-aprel ayları ərzində bu istiqamətlərə 818 min sərnişin uçub.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. 2017-ci ildə aeroport 4,06 mln. sərnişinə xidmət göstərib, bunun 85%-i beynəlxalq reyslərin sərnişinlərinin payına düşüb.*
N.Abbasova