Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa Mühafizəkarlar və İslahatlar Alyansının (ACRE) heyətinin üzvü Semistoklis Astenidisin adının Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş şəxslərin siyahısına salmayıb.
S.Astenidis Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyinə rəsmi məktubla müraciət edərək, adının “Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na daxil edilməməsini xahiş edib.
S.Astenidis ACRE-nin 2017-ci ilin dekabrında Yerevanda keçirilən tədbirində iştirak etmək üçün rəsmi nümayəndə heyətinin tərkibində Ermənistana səfər etdiyini qeyd edərək, işğal olunmuş ərazilərimizə əvvəlcədən xəbərdar edilmədən aparıldığını etiraf edib.
“Turizm xarakterli gəzintiyə çıxmamışdan əvvəl mən yerli tərəfdaşlarımızın bizi işğal olunmuş Dağlıq Qarabağa aparacaqları barədə tamamilə məlumatsız idim. Belə ki, yola düşəcəyimiz vaxtda məqsədyönlü şəkildə səfərin təfərrüatları qeyri-müəyyən idi və hətta etiraf edim ki, aldadıcı idi”, - S.Astenidisin müraciətində deyilir.
O, öz müraciətində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə tam şəkildə hörmət etdiyini, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, bu səfərin heç bir halda Azərbaycan ərazilərinin qeyri-qanuni işğalının tanınması mənasını daşımadığını qeyd edib.
XİN-dən vurğulayıblar ki, S.Astenidis bu əmələ görə dərin təəssüfünü ifadə edir və bu ilin iyun ayında Bakıya səfər etmək üçün icazə verilməsini xahiş edir. **
F.İsazadə