Azərbaycan hökuməti son iyirmi il ərzində qaçqınların və məcburi köçkünlərin sosial problemlərini həll etmək üçün təxminən 6 milyard ABŞ dolları məbləğində sərmayə qoyub. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Hazırda Azərbaycanda məcburi köçkünlərin və qaçqınların sayı 1 milyonu ötür, bu da ümumi əhalinin 1/10-dən artıqdır”, - deyə o, Brüsseldə Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda keçirilən III beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, Azərbaycan dünyada adambaşına düşən ən çox sayda məcburi köçkünə sahibdir. Son iyirmi il ərzində qaçqınların və məcburi köçkünlərin sosial problemlərini həll etmək üçün təxminən 6 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub ki, bu da onlar arasında yoxsulluq və işsizliyin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib.
E.Məmmədyarov əlavə edib ki, Ermənistan Suriya ermənilərini işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir. “Müxtəlif hesabatlara əsasən, yüzlərlə Suriya ermənisi işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilib. Beynəlxalq qanunların, xüsusən Dördüncü Cenevrə Konvensiyasının və onun Əlavə Protokollarının ciddi şəkildə pozulması sayılan bu köçürmə siyasətinin arxasında azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının qarşısını almaq və işğal edilmiş ərazilərin ilhaqını təmin etmək siyasəti dayanır. Bu, tamamilə qəbuledilməz və yolverilməzdir”, - deyə XİN başçısı vurğulayıb.*
A.Əzizov