Xarici işlər naziri Elmar Məmmədyarov və NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Bakı və Alyans arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
«E.Məmmədyarov və C.Appaturay Azərbaycan-NATO münasibətlərinin gələcək perspektivləri, beynəlxalq gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparıblar», - deyə məlumatda bildirilir.
Xüsusi nümayəndə Əfqanıstanda sülhün bərqərar olmasını hədəfləmiş "Qətiyyətli Dəstək Əməliyyatı"na və Əfqanıstan Milli Ordusu Etimad Fonduna texniki və maddi dəstəyinə görə Azərbaycana təşəkkürünü bildirib. NATO-nun Müttəfiq Qüvvələrinin Avropada Ali Baş Komandanı və Rusiya Federasiyası baş qərargah rəislərinin 2018-ci il aprelin 19-da Bakıda keçirilmiş görüşləri yüksək qiymətləndirilib.
E.Məmmədyarov qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal altında saxlanması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalır.*
F.İsazadə