Azərbaycan xarici işlər naziriElmar Məmmədyarov Brüsseldə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini ilə danışıqlar aparıb.
“Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb”, - XİN-dən məlumat verilir.
E.Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bir daha vurğulayıb və enerji, nəqliyyat, ticarət, humanitar və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərinə toxunub.
“Tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların konstruktiv şəkildə davam etdiyini qeyd edərək bu sazişin əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxmasına və hərtərəfli inkişafına təkan verəcəyinə əminliklərini ifadə ediblər”, - məlumatda deyilir.
Nazir F.Mogeriniyə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi barədə məlumat verərək mayın 15-dəParisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyini deyib. **
A.Əzizov