Heydər Əliyev Beynəlxalq Hava Limanında 15 ölkənin vətəndaşlarına "ASAN Viza" özünəxidmət terminalları vasitəsi ilə vizalar veriləcək
“Sistem bu gündən işə salınıb. Heydər Əliyev Beynəlxalq Hava Limanında 15 ölkənin vətəndaşlarına vizaların verilməsi 2 dəqiqə ərzində təmin olunacaq”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə “ASAN xidmət”dən məlumat verilib.
Quraşdırılmış "ASAN Viza" özünəxidmət terminalları xüsusi təyinatlı ümümvətəndaş pasportu oxuyucuları, elektron ödəmələr üçün post terminallar və nağd ödəmələr üçün əskinaz qəbuledicilərlə təmin olunub.
"ASAN Viza vasitəsi ilə hava limanında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin ediləcək.
Hazırda "ASAN Viza" portalı vasitəsi ilə 95 ölkəyə elektron viza verilməsi təmin edilir. Bütün sistem tam avtomatlaşdırılıb və mövcud elektron viza sistemi vasitəsi ilə ölkəyə gəlməzdən əvvəl 3 gün (standart) və 3 saat (təcili) ərzində vizaların verilməsi həyata keçirilir.*
F.İsazadə