Qarabağ münaqişəsinin həllinə dair danışıqların uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir. Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bəyan edib.
Çərşənbə axşamı Z.Həsənov Misirin Azərbaycandakı səfiri Adel İbrahimini qəbul edib.
“Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir və danışıqların uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir”, - nazirlik Z.Həsənovun görüşdəki sözlərindən sitat gətirir.
Nazir Azərbaycan ilə Misir arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
A.İbrahimi öz növbəsində qeyd edib ki, Misir Azərbaycanla əlaqələrin daha da genişləndirilməsinə önəm verir.
Diplomat əlavə edib ki, diplomatik fəaliyyəti müddətində hərbi əlaqələrin inkişaf etdirilməsinə töhfəsini vermək üçün səylərini əsirgəməyəcək. **
F.İsazadə