2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $2 mlrd. 625 mln. 856,64 min təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 2,1 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi $8 mlrd. 667 mln. 959,1 min təşkil edib. Yanvar-aprel aylarında ixracın həcmi $5 mlrd. 651 mln. 907,87 min, idxalın həcmi $3 mlrd. 26 mln. 51,23 min təşkil edib.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $5 mlrd. 595 mln. 699,93 min, həmçinin ixracın həcmi - $3 mlrd. 430 mln. 702,21 min, idxalın həcmi - $2 mlrd. 164 mln. 997,72 min təşkil edib.
Beləliklə, 2018-ci ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 55,1%, həmçinin ixrac 64,7%, idxal 39,7% artıb.
İxracın strukturunda 81,94% neftin, 3,32% neft məhsullarının, 6,07% təbii qazın, 0,84% elektrik enerjisinin, 1,97% meyvə-tərəvəz məhsullarının, 0,06% çayın, 0,07% bitki və heyvan mənşəli yağların, 0,13% qəndin, 0,07% spirtli və spirtsiz məhsulların, 0,33% kimya məhsullarının, 0,81% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,36% pambıq, 0,12% pambıq ipliyin, 0,39% qara metal və ondan hazırlanan məmulatların, 0,79% alüminium və ondan hazırlanan məmulatların, 2,83% digər məhsulların payına düşüb.
İdxal məhsullarının strukturunda 14,73% ərzaq məhsullarının, 1,15% tütün və tütün məhsullarının, 0,11% sementin, 2,82% əczaçılıq məhsullarının, 3,38% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,88% odun və agac məhsullarının, 11,63% qara metal və ondan hazırlanan məmulatların, 23,74% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 8,48% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,12% mebelin, 29,96% digər məhsulların payına düşüb.
2018-ci ilin yanvar-aprel aylarında xarici ticarət əməliyyatlarında 4,335 min özəl və dövlət müəssisəsi və 4,644 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan dünyanın 153 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Bu dövrdə Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 24,75%-i), İsrail (9,17%), Türkiyə (7,37%), İndoneziya (5,53%), Tayvan (4,91%), Almaniya (4,9%), Çexiya (4,42%), əsas idxal əməliyyatlarını isə Rusiya (17,4%), Türkiyə (15,47%), Çin (10,14%), Almaniya (7,85%), ABŞ (4,69%) ilə həyata keçirib.**
N.Abbasova