2018-ci ilin birinci rübündə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) ilə yük daşımalarından Azərbaycanın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9% - 150 mln. 39,9 min manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə bu nəqliyyat dəhlizi ilə yük daşımalarından Azərbaycan 49 mln. 111,3 min manat gəlir əldə edib ki, bu da 2017-cı ilin yanvar-mart aylarının göstəricisindən 12,6% azdır», – məlumatda bildirilir.
2017-ci ilin birinci rübündə Avrasiya nəqliyyat dəhlizi ilə sərnişin daşımalarından respublikanın gəlirləri 32 mln. 746,7 min manat (artım 6%) məbləğində olub.
Xəbər verildiyi kimi, 2018-ci ilin birinci rübündə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 12 mln. 765,2 min ton yük, o cümlədən 2 mln. 586 min ton və ya 20,3% tranzit yük daşınıb.
Bu dövrdə TRACECA ilə 85 mln. 594,8 min nəfər sərnişin daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
N.Abbasova