2018-ci ilin yanvar-aprel aylarında “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 2 mlrd. 391,3 mln. kubmetr Azərbaycan qazı ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 6,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Qeyd olunan dövrdə Azərbaycanın magistral qaz kəmərləri ilə nəql edilən qazın 29,5%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb”, - deyə məlumatda bildirilir.
Ümumilikdə cari ilin yanvar-aprel aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 8 mlrd. 112,4 mln. kubmetr qaz nəql edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 0,9% çoxdur.
2017-ci ildə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 7 mlrd. 314,2 mln. kubmetr Azərbaycan qazı ixrac edilib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.*
N.Abbasova