Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli prosesini irəli aparmaq üçün intensiv danışıqların tərəfdarıdır. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib.
“Ermənistanda siyasi böhran nəticəsində hakimiyyət dəyişikliyi baş verəndə Azərbaycan tərəfi bildirdi ki, Ermənistanda sağlam təfəkkürlü siyasi qüvvələr hakimiyyətə gələrsə münaqişənin həllində irəliləyişə nail olmaq olar. Amma deyəsən Ermənistanın oxlokratiya rejimi əvvəlki rejimin səhvlərini təkrarlamağa çalışır?! Paris görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı və Azərbaycan xarici işlər nazirinin açıqlamasının fonunda Ermənistan XİN-i destruktiv mövqe nümayiş etdirməkdə davam edir”, - H.Hacıyevin bəyanatında deyilir.
Onun sözlərinə görə, hər hansı qeyri-real yeni elementlərin daxil edilməsi cəhdləri bütün danışıqlar prosesini iflic edə bilər. “Çox tezliklə Ermənistanın hansı yol tutduğunu görəcəyik. Amma hər kəs bilməlidir ki, Azərbaycanın səbrinin həddi vardır”, - XİN rəsmisi bildirib. **
A.Əzizov