İtaliyanın “SİAD” şirkətlər qrupu Azərbaycanda texniki qazlar və qaz kompressorlarının birgə istehsalına 30 mln. avro yatırmağa hazırdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO)məlumat verilib.
“İtaliyanın “SİAD” şirkətlər qrupu Çexiyadakı nümayəndəliyi vasitəsilə öz məhsullarının satışı (texniki qazlar və qaz kompressorları) və Azərbaycanda istehsalın birgə təşkil edilməsi məqsədilə 30 mln. avro sərmayə yatırılmasını təklif edir”, - fonddan qeyd ediblər.
Eyni zamanda, şirkət Avropa texnologiyasının ölkəmizə transferini, rəqabət qabiliyyətli Avropa sertifikatına malik məhsul istehsalını, eləcə də, yeni iş yerlərinin yaradılmasını təklif edir.
“SİAD” şirkətlər qrupu kompressorlar və havabölüşdürücü qurğuların istehsalı sahəsində dünya lideridir. Həmçinin şirkət sənaye qazları istehsal edir və azot, oksigen və arqon istehsalı üçün geniş çeşiddə kriogen qurğuları təklif edir.
AZPROMO 2003-cü ildə təsis olunub. **
N.Abbasova