2018-ci ilin I rübündə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan (AÇG) 7 mln. tona yaxın neft hasil olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ABƏŞ-dən məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin I rübündə AÇG blokundan 7,1 tondan çox neft hasil olunub. Beləliklə, bu ilin yanvar-mart aylarında sözügedən müqavilə sahəsindən neft hasilatı 1,4% azalıb.
2018-ci ilin I rübündə şirkət AÇG blokunun işlənməsi layihəsi üzrə xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,8% - $362 mln.-dək azaldıb. «Hesabat dövründə bu məbləğdən $102 mln.-u ABƏŞ-in AÇG layihəsi üzrə əməliyyat xərclərinin, $260 mln.-u əsaslı xərclərin payına düşüb», - deyə məlumatda qeyd olunur.
Bu dövrdə orta sutkalıq neft hasilatı 597 min barel olub.
I rübdə “Çıraq” platformasından sutkada 53 min barel (2017-ci ilin I rübündə sutkada 55 min barel - İF-Az), “Mərkəzi Azəri” platformasından 156 min barel (sutkada 124 min barel), ”Qərbi Azəri” platformasından 123 min barel (sutkada 112 min barel), “Şərqi Azəri” platformasından 94 min barel (sutkada 75 min barel), “Dərinsulu Günəşli” platformasından 109 min barel (sutkada 121 min barel), “Qərbi Çıraq” platformasından 62 min barel (sutkada 94 min barel) neft hasil olunub.
2017-ci ildə “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından 29 mln. tondan çox neft hasil olunub.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.*
N.Abbasova