2018-ci ilin I rübündə Azərbaycanda Microsoft Office üçün zərərli proqram təminatı ilə hər 100-cü istifadəçi rastlaşıb. Bu barədə Kaspersky Lab şirkətinin məlumatında deyilir.
Şirkətin hesabatına əsasən, Microsoft Office üçün eksploitlər – proqram təminatındakı boşluqlar vasitəsilə edilən hücumlarda istifadə olunan zərərli proqramlar – 2018-ci ilin birinci rübündə ən geniş yayılmış kibertəhlükələrdən birinə çevrilib.
Ümumilikdə, ofis proqramlarının virusa yoluxmuş sənədlərindən əziyyət çəkən istifadəçilərin sayı 2017-ci ilin ilk rübü ilə müqayisədə 4 dəfə artıb.
Yanvar-mart aylarında Microsoft Office üçün olan eksploitlərin payı 50%-dək artıb ki, bu da ötənilki göstəricidən 2 dəfə çoxdur. Azərbaycanda bu tip zərərli proqram təminatı ilə cari ilin birinci rübündə hər 100-cü istifadəçi rastlaşıb (1%).
Eksploitlərlə olan xaker hücumları çox təhlükəli hesab olunur, belə ki, onlar istifadəçi ilə əlavə kontakta girmir və zərərli kod nəzərə çarpmadan daxil edilir. Onlardan qanunsuz gəlir mənbəyi axtarışında olan kibercinayətkarlar, həmçinin, pis məramda olan hökumət subyektləri istifadə edirlər.
2018-ci ilin birinci rübündə hücumlar üçün istifadə olunan bu tip zərərli proqramların bölgüsündə ciddi dəyişikliklər baş verib. Məşhur proqram təminatı Microsoft Office üçün nəzərdə tutulmuş eksploitlərin sayı kəskin şəkildə artıb. Kaspersky Lab şirkətinin ekspertləri tərəfindən ofis proqramlarında ötən il sadəcə “Adobe Flash” proqramında aşkarlanan qədər müxtəlif növ boşluqlar tapılıb.
Flash-eksploitlərin isə payı əksinə olaraq azalmaqdadır: 2018-ci ilin ilk rübü üzrə hazırlanan hesabata əsasən, bu göstərici 3%-dən də azdır. Bu, Adobe və Microsoft şirkətlərinin Flash Player proqramından yanlış istifadənin azaldılması üçün sərf etdikləri əməyin nəticəsidir.*
B.Rüstəmbəyov