İyul 2018-ci il tarixindən etibarən Azərbaycanda yerli istehsal olan aqraq məhsulların sertifikatlaşdırılması üzrə yeni mexanizm tətbiq olunacaq. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli məlumat verib.
“Mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində istehsal olunan aqrar məhsulları növlərinə əsasən sertifikatlaşdırılır. İyulun 1-dən etibarən yeni mexanizm qüvvəyə minir. Bu mexanizm istehsal olunan məhsuldan asılı olmayaraq, sahibkarlıq subyektinin qeydiyyata alınmasını nəzərdə tutur”, - Q.Təhməzli bildirib.
Onun sözlərinə görə, beləliklə Azərbaycanda aqrar məhsulların istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinin reyestri yaradılacaq.
“Subyektlərin qeydiyyatı həm agentlik, həm də ASAN mərkəzlərində, o cümlədən onlayn rejimində həyata keçiriləcək. Reyestrə daxil edilən sahibkarlar müvafiq qida təhlükəsizliyi identifikasiya xəritəsi əldə edəcəklər”, - o vurğulayıb.
Q.Təhməzli qeyd edib ki, vahid reyestr həmçinin zərurət yarandığı halda və ya idxalçı ölkə tətəfindən sorğu daxil olarsa fitosanitar və ya baytarlıq setrtifikatı təqdim etməyə imkan verəcək.
“Subyektlərin qeydiyyatı, həmçinin sertifikatlaşdırılma tariflərinə hazırda Tarif Şurası tərəfindən baxılır”, - Q.Təhməzli bəyan edib. **
F.İsazadə