“PAŞA Həyat Sığorta” şirkəti 2018-ci ilin yanvar-aprel aylarında sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
Hesabat dövründə “PAŞA Həyat Sığorta” 108 mln. 802,2 min manat və ya yanvar-aprel aylarında bütün sığorta şirkətlərinin əldə etdiyi sığorta haqlarının 36,1%-i həcmində sığorta haqqı toplayıb.
“PAŞA Həyat Sığorta” həyat sığortası seqmentində əldə edilmiş sığorta haqlarının həcminə görə lider olub. İkinci yerdə "Atəşgah Həyat" (17 mln. 396,8 min manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (5 mln. 283,3 min manat) qərarlaşıb.
Cari ilin yanvar-aprel aylarında qeyri-həyat sığortası seqmentində "PAŞA Sığorta" şirkəti sığorta haqlarının yığım həcminə (70 mln. 927,8 min manat) görə lider olub.
Hesabat dövründə bu seqmentdə toplanmış sığorta haqlarının həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə "Azərsığorta" (31 mln. 925,3 min manat), “Meqa Sığorta” (12 mln. 461,3 min manat), "Atəşgah" (10 mln. 906,7 min manat) və “İpək Yolu Sığorta” (7 mln. 159 min manat) daxil olub.
Hesabat dövründə sığortaçıların bütün sığorta haqlarının 87,9%-i və ya 264 mln. 862,4 min manat bu 8 şirkətin payına düşüb.
Yanvar-aprel aylarında sığorta şirkətləri arasında ən çox ödəniş “PAŞA Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 18 mln. 343,1 min manat və ya sığortaçıların bütün ödənişlərinin 23,4%-ni təşkil edib.
“PAŞA Sığorta” şirkəti qeyri-həyat sığortası seqmentində də ödənişlər üzrə lider olub.
Hesabat dövründə bu seqmentdə həyata keçirilən ödənişlərin həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə "Atəşgah" (6 mln. 357,2 min manat), "Azərsığorta" (5 mln. 45,3 min manat), “AXA-Mbask” (3 mln. 195,5 min manat) və “AzSığorta” (3 mln. 22,9 min manat) daxil olub.
“PAŞA Həyat Sığorta” şirkəti həyat sığortası seqmentində ödənişlərin həcminə (17 mln. 926,6 min manat) görə də lider olub. Bu seqmentdə ödənişlərin həcminə görə ikinci yerdə "Atəşgah Həyat" (7 mln. 834,5 min manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (6 mln. 410 min manat) qərarlaşıb.
Hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 86,8%-i və ya 68 mln. 135,1 min manat bu 8 şirkətin payına düşüb.
2018-ci il aprel ayının sonuna bazarda fəaliyyət göstərən 21 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir.*
A.Əzizov