“MİDA” MMC 2018-ci ilin I rübündə sosial mənzillərin tikintisinin maliyyələşdirilməsi üçün dövlətdən 6,8 mln. manat alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MİDA-dan məlumat verilib.
«Sosial mənzillərin tikintisi və əhali tərəfindən güzəştli şərtlərlə mənzillərin əldə edilməsi üçün xərclərin maliyyələşdirilməsi ilə əlaqədar 2018-ci ildə dövlət kapital qoyuluşları çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinə 100 mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. 1 aprel 2018-ci il tarixinə Dövlət agentliyi “MİDA” MMC-nin balansına 6,8 mln. manat köçürüb», - deyə məlumatda qeyd olunur.
Hazırda “MİDA” MMC Bakının Yasamal və Suraxanı rayonlarında iki yaşayış kompleksinin tikintisini həyata keçirir.*
N.Abbasova