Çinin İxrac Kredit Sığorta Korporasiyası (SINOSURE) SOCAR ilə əməkdaşlıq qurmağı planlaşdırır. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Bu gün Bakıda SOCAR prezidenti Rövnəq Abdullayev və Çinin İxrac Kredit Sığorta Korporasiyasının icraçı direktoru Vanq Yin əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Görüşdə SOCAR-ın kəşfiyyat, hasilat, nəql, emal və kimya sahələrində həyata keçirdiyi layihələrdə Çin şirkətlərinin iştirakı üçün mövcud imkanlar barədə müzakirə aparılıb.
“Çin şirkətlərini Azərbaycan iqtisadiyyatına investisiyalar yatırmağa cəlb etmək üçün SINOSURE və SOCAR arasında məlumat mübadiləsinin təşkili və bu istiqamətdə ortaq səylərin gücləndirilməsinin zərurəti vurğulanıb, habelə SOCAR-ın fəaliyyət göstərdiyi region ölkələrində də Çin şirkətləri üçün investisiya imkanları müzakirə olunub”, - deyə məlumatda qeyd olunur.
SINOSURE ixrac kreditlərinin sığortalanması sahəsində ixtisaslaşan yeganə Çin sığorta şirkətidir. O öz fəaliyyətini 2001-ci ilin dekabr ayında başlayıb. Mənzil-qərargahı Pekində yerləşir. Sinosure ölkə miqyasında xidmət şəbəkəsi formalaşdırıb. Son illərdə 187,2 milyard dollar həcmində investisiya və 141,4 milyard dollar həcmində orta və uzunmüddətli ixrac krediti sığortalayıb. Sinosure hazırda dünya üzrə 85 min müştəriyə xidmət göstərir.*
N.Abbasova