Prezident İlham Əliyev Serbiya ilə energetika sahəsində əməkdaşlığı perspektiv hesab edir.
“Bu gün müzakirə olunan məsələlər arasında bizim iqtisadi əməkdaşlıq məsələləri də geniş yer alıb. Mövcud ticarət dövriyyəsi bizim iqtisadi potensialımızı əks etdirmir. Artım var, ancaq mütləq rəqəmlər hələ də çox aşağıdır”, - deyə o, bu gün Bakıda Serbiya Respublikasının prezidenti Aleksandr Vuçiçlə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.
İ.Əliyev Serbiya ilə energetika sahəsində əməkdaşlığın perspektivliyini qeyd edib. "Bu gün imzalanan strateji tərəfdaşlıq üzə Birgə Fəaliyyət Planında bu məsələ öz əksini tapıb. Gələn ay TANAP layihəsi istismara verilməlidir. Beləliklə, Cənub Qaz Dəhlizinin əsas layihələri artıq başa çatmış olacaq. Bu, enerji təhlükəsizliyi məsələlərinə Azərbaycanın növbəti töhfəsidir”, - deyə dövlət başçısı vurğulayıb.
O, Serbiyanın Bakı-Tbilisi-Qars dəmir yolundan fəal istifadə edəcəyinə ümidvar olduğunu deyib. "Yüklər artıq bu yol vasitəsilə daşınır və yüklərin həcmi getdikcə daha da artacaq. Əlbəttə ki, biz Serbiyanı bu dəmir yolunun fəal iştirakçısı kimi görürük. Hesab edirəm, bizim müvafiq qurumlarımız bu məsələ ilə bağlı artıq danışıqlara başlaya bilərlər ki, biz yükdaşımalarını artıra bilək. Beləliklə, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri geniş əməkdaşlıq üçün yeni imkanlar açır. Bu, turizmin inkişafına təkan verəcək, qarşılıqlı ticarət dövriyyəsini artıracaq və beləliklə, bölgəmizdə, Avrasiya məkanında sabitliyi möhkəmləndirəcək, təhlükəsizliyi təmin edəcək”, - deyə İ.Əliyev əlavə edib.*
F.İsazadə