Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Komitədən məlumat verilir.
“Dövlət Komitəsi boş və fəaliyyətsiz qalan torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətində təhlillər aparıb. Monitorinqlər nəticəsində 44 rayon üzrə 1500 hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə istifadəsiz qalması faktları aşkarlanıb”, - məlumatda deyilir.
“Monitorinqlər nəticəsində qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan. Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb. Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib”, - Komitədən bildirilib.
Həmçinin qeyd olunub ki, komitə tərəfindən kənd təsərrüfatı torpaqlarında 2600 pozuntu halı aşkar olunaraq inzibati protokollar tərtib edilib. Təqsirkar fiziki və hüquqi şəxslər 1 mln. manatdan çox cərimə olunublar. **
B.Rüstəmbəyov