ATƏTPA-nın iyul ayının 7-11-də Berlində keçiriləcək sessiyasında Azərbaycanınnümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsinin həlli, o cümlədən Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı məsələyə toxunacaq. Bunu ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev bu gün jurnalistlərə deyib.
“Dağlıq Qarabaq regionu və ətraf rayonlar Ermənistanın işğalı altındadır və bu işğala son qoyulmayana qədər bizbu məsələni ATƏT PA-da qaldıracağıq. Xüsusilə iyul ayında Berlində keçiriləcək sessiyada Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfəri, həmçinin təmas xəttində Ermənistan tərəfindən törədilən təxribatlara toxunacağıq”, - A.Quliyev qeyd edib.
O vurğulayıb ki, ATƏT münaqişənin həlli ilə məşğul olan və vasitəçilik missiyası həyata keçirən yeganə beynəlxalq təşkilatdır. “Ancaq bunun heç bir nəticəsi yoxdur. Ona görə də ATƏT PA-daDağlıq Qarabaq münaqişəsi ilə bağlı məsələni yenə qaldıracağıq. Paşinyanla bağlı Ermənistanda yaranmış mövcud vəziyyətə gəlincə, görünür o və komandası çox populist və pafoslu bəyanatlarla çıxış edir ki, bu, inqilabın yaratdığı eyforiyadır. Şübhəsiz, qısa müddət ərzində bu eyforiya yatacaq və Ermənistan rəhbərliyi reallığın nədən ibarət olduğunu dərk edəcək, bu cür boş və mənasız bəyanatlardan çəkinəcək”, - A.Quliyev bildirib.
O təəssüflə qeyd edib ki, N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə ATƏT-in Minsk qrupu tərəfindən reaksiya verilmədi və pislənilmədi. **
F.İsazadə