Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkı “Blockchain” texnologiyasının tətbiqi üzrə layihələrin reallaşdırılmasına köməklik edəcək. Bu barədə nazirlikdən məlumat verilir.
Çərşənbə günü Yüksək Texnologiyalar Parkında “Blockchain” texnologiyasına dair infosessiya keçirilib. YTP-nın direktoru Tural Kərimli parkın fəaliyyəti, həmçinin “Blockchain” texnologiyasının əhəmiyyəti və onun Azərbaycanda müxtəlif sahələrdə tətbiqi barədə iştirakçılara məlumat verib.
Yüksək Texnologiyalar Parkı “Blockchain” texnologiyasının tətbiqi istiqamətində layihələrin reallaşdırılmasına köməklik göstərəcək. Parkın Pirallahıda olan mövcud infrastrukturundan istifadə edərək “Blockchain”, kriptovalyutalar və kripto-mədənçilik sahəsində fəaliyyət göstərən rezidentlərə bir sıra güzəştlərin edilməsi planlaşdırılır”, - T.Kərimli bildirib.
Azərbaycan “Blockchain” Cəmiyyətinin həmtəsisçisi, “Waves” şirkətinin regional meneceri Orxan Əhmədov qeyd edib ki, “Blockchain” mərkəzləşdirilməmiş məlumatlar bazasıdır.
Onun sözlərinə görə, ənənəvi məlumatlar bazası əsasən bir serverdə yerləşdirilir və paralel olaraq “backup”ı (surəti) başqa bir neçə serverdə saxlanıla bilir. “Blockchain” sistemində isə yeni bir əməliyyat həyata keçirildikdə əvvəlki məlumatlar silinmir və mövcud blok zəncirinə əlavə olunur. Çünki məlumatlar kopyalanaraq bütün kompüterlərin yaddaşında saxlanıldığına görə onları silmək də mümkünsüzdür.
“Burada toplanan məlumatlar istifadəçilər üçün əlçatandır. Ancaq məlumatlara kənar şəxslərin müdaxilə etmək imkanı yoxdur. Bu da texnologiyanın təhlükəsizliyinə zəmanət verir. Yeni texnologiyanın təqdim etdiyi üstünlüklərdən biri də əməliyyatlar həyata keçirilərkən vasitəçilərə ehtiyac duyulmamasıdır”, - O.Əhmədov vurğulayıb. **
N.Abbasova