Müxtəlif sahələrdə birgə perspektiv layihələrin həyata keçirilməsi Rusiya və Azərbaycanın uzunmüddətli maraqlarına tam şəkildə cavab verir. Bunu Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev deyib.
D.Medvedev yenidən prezident seçilməsi münasibətilə İlham Əliyevə təbrik teleqramı göndərib. Teleqramın mətni dövlət başçısının saytında dərc olunub.
“Sizin inamlı qələbəniz Azərbaycanın dinamik sosial-iqtisadi inkişafına, beynəlxalq arenada nüfuzunun artmasına yönəlmiş kursunuza vətəndaşların geniş dəstəyinin və etibarının sübutudur”, - deyə o qeyd edib.
Rusiya Hökumətinin sədri İ.Əliyevin dostluq, mehriban qonşuluq və tərəfdaşlıq prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə verdiyi əhəmiyyətli töhfəni xüsusilə qeyd edib.
“Əminəm ki, ikitərəfli əməkdaşlığın bundan sonra da hərtərəfli genişləndirilməsi, müxtəlif sahələrdə birgə perspektiv layihələrin həyata keçirilməsi Rusiya və Azərbaycanın uzunmüddətli maraqlarına tam şəkildə cavab verir”, - deyə D.Medvedev vurğulayıb.*
N.Abbasova