Əmanətlərin Sığortalanması Fondu (ADİF) Asiya İnkişaf Bankından (AİB) texniki yardımın cəlb edilməsi imkanlarını nəzərdən keçirir. Bu barədə fonddan məlumat verilib.
ADIF-in icraçı direktorunun müavini, icraçı direktor vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev Asiya İnkişaf Bankının Ölkə proqramı və tematik qiymətləndirmə üzrə mütəxəssis Hayme Haramillo-Vallexonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
“Görüşdə əmanətlərin sığortalanması sistemində aparılan islahatlar, ləğvetmə prosesinin daha səmərəli, şəffaf və çevik keçirilməsi istiqamətində görülən işlər, fondun təşkilati strukturunun optimallaşdırılması, qorunan əmanətlər üzrə ödənişlərin ilk dəfə olaraq nağdsız qaydada ödənilməsi, "Elektron hökumət" portalında göstərilən elektron xidmət, mərkəzləşdirilmiş informasiya sisteminin qurulması üzrə aparılan işlər, bankların ləğvetmə prosesi üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi qeyd edilib”, - deyə məlumatda bildirilir.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank Azərbaycana $4,61 mlrd. məbləğində kredit, qrant və texniki yardım ayırıb.
ADIF 2006-cı il dekabrın 29-da qəbul olunmuş “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsinə dair” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı çərçivəsində yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.*
A.Əzizov