“Moody`s” beynəlxalq reytinq agentliyi Azərbaycanda qeyri-işlək kreditlərin xüsusi çəkisini 25-30% səviyyəsində qiymətləndirir.
"Azərbaycan Mərkəzi Bankının məlumatına görə, vaxtı keçmiş kreditlər təxminən 15% səviyyəsindədir. Bura qiymətdən düşmə əlamətli kreditləri əlavə etsək, bu göstərici 25-30% təşkil edəcək. Bu, təqribi qiymətləndirmədir", - deyə “Moody`s”in maliyyə institutları üzrə analitiki Pyotr Paklin bu gün Bakıda agentliyin Azərbaycan üzrə illik sammitində bildirib.
Onun sözlərinə görə, 2017-ci illə müqayisədə 2018-ci ilin I rübündə bu seqmentdə müəyyən irəliləyiş müşahidə olunub.
P.Paklin, həmçinin Azərbaycanın bank sektorunda kapitallaşma ilə bağlı vəziyyətin yaxşılaşdığını da qeyd edib. "Bank sektorunun kapitallaşması əhəmiyyətli dərəcədə yaxşılaşıb. Kapitalın aktivlərə olan nisbəti 2016-cı illə müqayisədə 2 dəfə yaxşılaşıb və bu, yaxşı trenddir", - deyə o əlavə edib.
Analitik deyib ki, 2018-ci ildə ölkənin bır sıra banklarında kapitallaşmanın artması müşahidə edilir. "Bizdə olan məlumata görə, 2017-ci ilin sonuna 4 bank formal olaraq kapitala dair minimal tələblərə cavab verməyib. Ancaq bu ilin əvvəlinə onların bəziləri bu problemi qismən və ya tam şəkildə həll edib ki, bu da yaxşı əlamətdir. Bank sektorunun mənfəətliliyinə gəlincə isə, burada da rəqəmlər çox yaxşısdır. Azərbaycan Beynəlxalq Bankını nəzərə almasaq, bütövlükdə bazar üzrə vəziyyət pis deyil", - deyə P.Paklin bildirib.
O vurğulayıb ki, Azərbaycanın bank sektoru üzrə “Moody`s”in gözləntiləri belədir: ehtiyatların yaradılması xərclər kifayət qədər çox olacaq, marja hələ bərpa olunmayıb, çünki qeyri-işlək aktivlərin payı olduqca yüksəkdir. "2018-ci ildə maliyyə nəticələri nisbətən müsbət olacaq", - deyə analitik əlavə edib.*
N.Abbasova