Prezident İlham Əliyev bu gün Qaradağ rayonunda yenidən qurulanLökbatan-Qobu avtomobil yolunun açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov prezidentə layihənin texniki göstəriciləri barədə məlumat verib.
47 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən, yük və sərnişin daşımasının yaxşılaşdırılmasına xidmət edən Lökbatan-Qobu avtomobil yolunun tikintisi üçün 2016-cı ilin iyul ayında prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2 milyon manat vəsait ayrılıb. Layihəyə əsasən yol əsaslı şəkildə yenidən qurulub. Yolun yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilib.
Avtomobil yolunun uzunluğu 7 kilometrdən çoxdur. Yolun hərəkət hissəsinin eni 7 metr təşkil edir.
S.Məmmədov bildirib ki, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qobu-Hökməli avtomobil yolunun 11,5 kilometrlik hissəsinin yenidən qurulması da başa çatdırılıb. Yolun eni 11 metrə yaxındır.
Bundan başqa, bu ərazidə məcburi köçkünlər üçün yeni tikilən “Qobu Park” yaşayış kompleksinə gedən 700 metr uzunluğunda avtomobil yolunun tikintisi işləri də yekunlaşıb.*
N.Abbasova