Erməni faşizminin yırtıcı sifəti Qarabağ münaqişəsinin nəticələrində özünü büruzə verib. Bunu prezident İlham Əliyev deyib.
Dövlət başçısı bu gün Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak edib.
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir. Bu işğal nəticəsində bizim vətəndaşlarımız məcburi köçkün həyatı yaşayırlar. Bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan vəhşilik törədib. Erməni faşizminin yırtıcı sifəti bu münaqişənin nəticələrində özünü büruzə verib”, - deyə o, kompleksin açılış mərasimində bildirib.
Prezident vurğulayıb ki, Azərbaycan xalqı tam əmindir ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, bunu etməliyik.
Onun sözlərinə görə, həm beynəlxalq hüquq, həm də haqq-ədalət bizim tərəfimizdədir. “Bu gün dünya miqyasında güc amili ön plana çıxır və güclü ölkələr öz istəyinə nail ola bilirlər. Azərbaycan da güclü ölkədir. Güclü ordumuz, güclü iqtisadiyyatımız və düşünülmüş siyasətimiz var. Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Bu, bir daha onu göstərir ki, bütün məcburi köçkünlər bir arzu ilə - öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar”, - deyə İ.Əliyev bildirib.
O əlavə edib ki, Azərbaycan dağılmış vəziyyətdə olan bütün şəhərləri işğaldan azad edəndən sonra tezliklə bərpa edəcək.*
F.İsazadə