Ermənistanın baş naziri Nikol Paşinyan AŞPA-nın həmməruzəçiləri ilə görüş zamanı bir sıra, o cümlədən Qarabağ münaqişəsinin həlli məsələlərini müzakirə edib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat verib.
Məlumata əsasən, N.Paşinyan AŞPA meydançasının Qarabağ məsələsinin həlli üçün istifadənin qəbuledilməz olduğunu bəyan edib. Baş nazirin sözlərinə görə, problemin həlli üçün yeganə format ATƏT-in Minsk qrupudur.
O həmçinin bəyan edib ki, Ermənistanın yeni hakimiyyəti üçün növbədənkənar parlament seçkiləri prioritet əhəmiyyət kəsb edir və həmin seçkilər azad və ədalətli şəkildə keçirilməlidir. “Ermənistanda siyasi dəyişikliklər xalqın iradəsi və sülh yolu ilə baş tutdu. Bu deməkdir ki, Ermənistanda demokratiya - baş tutan faktdır və kifayət qədər yüksək səviyyədədir”, - N.Paşinyan görüşdə bildirib.
O həmçinin qeyd edib ki, Ermənistamda 20 il ərzində keçirilən seçkilər xalqın iradəsini ifadə etməyib.
“Hökumətimizin əsas missiyası - hakimiyyətin formalaşdırılması hüququnu xalqa qaytarmaqdır. Hesab edirəm ki, demokratiyanın möhkəmlənməsinin əsas mərhələsi nəinki azad və doğru seçkilər yolu ilə hakimiyyətə gəlmək, həm də hakimiyyətdən getməkdir”, - N.Paşinyan əlavə edib. **