Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Ermənistanla mehriban qonşuluq münasibətləri qurmağa hazırdır. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Son işlər bizi hansı istiqamətə aparacaq bilmirəm, amma reallıq budur ki, Azərbaycan yaxşı qonşuluq çərçivəsində ermənilərlə də yaxşı münasibət qurmağa hazırdır - əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildikdən sonra”, - deyə o, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edərkən bildirib.
“Biz suverenliyimizi və ərazi bütövlüyümüzü əldən buraxmarıq. Sərhədlərimiz beynəlxalq səviyyədə tanınır”, - deyə XİN başçısı qeyd edib.
E.Məmmədyarov xatırladıb ki, SSRİ dağıldıqdan sonra Azərbaycan böhranla qarşılaşıb, erməni aqressiyası, etnik təmizləmə və ərazilərin işğalı 1 milyona yaxın qaçqın və məcburi köçkünün yaranması ilə nəticələnib. “Ancaq Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan üçün böyük imkanlar yaratdı. Nazir qeyd edib ki, Azərbaycan indi dünyada siyasi-iqtisadi baxımdan dayanıqlı müttəfiqə çevrilib. Həyata keçirilən layihələr ölkəmizi enerji istehsalçısı, tranzit ölkəsi kimi tanıdır”, – deyə o vurğulayıb.*
F.İsazadə