Cümə axşamı Xəzər dənizində rezin qayıqda meyitləri aşkar olunan iki nəfərin Sumqayıt şəhər sakinləri olduqları müəyyən edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilir.
“Cümə axçamı dənizdə aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi ilə sahilə gətirilərək aidiyyəti üzrə təhvil verilib. Meyitlərə ilkin baxış zamanı onların bu il aprelin 18-də itkin düşən Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Adil Cəbiyev və 2001-ci il təvəllüdlü Nüsrət Nəzərova aid olduğu müəyyən olunub”, - məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, cümə axşamı Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 13:00 radələrində dənizdə, sahildən təxminən, 90 km dənizin içinə doğru, içərisində şəxsiyyətləri məlum olmayan 2 nəfərin meyiti olan rezin qayıq aşkarlanması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. **
N.Abbasova