Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2018-ci ilin əvvəlindən etibarən kredit təşkilatları vasitəsilə sahibkarlara 70 mln. manatdan artıq güzəştli kredit verib. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
«Cari ildə SKMF-nin xətti ilə sahibkarlara dövlət büdcəsində nəzərdə tutulan 170 mln. manatdan 70 mln. manat məbləğində güzəştli kredit verilib», - deyə o, bu gün “Sahibkarlar Günü”nə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, 15 il ərzində Azərbaycanda iqtisadi artım 2,5 dəfə təşkil edib. Bu dövrdə 90 mindən çox müəssisə yaradılıb.
«İndiyədək Azərbaycan ixracatçılarına 4,6 mln. manat ixrac təşviqi ödənilib. Sahibkarlıq subyektlərinə 271 layihə üzrə investisiya təşviqi sənədi verilib. Bu layihələrin 135-i artıq reallaşdırılıb”, - deyə Ş.Mustafayev vurğulayıb.
Onun sözlərinə görə, hazırda məşğulluq sahəsində özəl sektorun payı 75% təşkil edir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və bank olmayan kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2018-ci ildə fond minimum 170 mln. manat məbləğində güzəştli kredit verməyi planlaşdırır.*
B.Rüstəmbəyov