Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün təşkilini təklif etdiklərini bəyan edib. Lakin görüşün yeri və tarixi hələlik müzakirə olunmayıb.
“ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün təşkilini təklif ediblər. Lakin, görüşün vaxtı və yeri barədə hələlik müzakirələr aparılmayıb”, - E.Məmmədyarov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, iyun ayında həmsədrlər Ermənistana səfər edəcəklər. “Bu dəfə onlar yalnız Ermənistana səfər edəcəklər, çünki İrəvanda yeni hökumətlə tanış olmaq, kiminlə işləyəcəklərini müəyyən etmək istəyirlər. Bundan başqa, onlar hazırki Ermənistan hakimiyyətinin nə düşündüyünü anlamalıdırlar. Bu, həmsədrlər üçün çox vacibdir”, - nazir əlavə edib.
Son dəfə Azərbaycan və Ermənistan XİN başçıları 2018-ci ilin yanvar ayında Krakov şəhərində Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində görüş keçiriblər. **
F.İsazadə